Türkiyənin İğdır və Qars şəhərlərində konsert proqramı təşkil olunub

onsertlər 22-23 may tarixlərində Türkiyənin İğdır və Qars şəhərlərində Diasporla İş üzrə Dövlət Komitəsinin, İğdır Valiliyinin Azərbaycanın Qarsdakı Baş Konsulluğunun, Qars Bələdiyyəsinin, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və İğdır Azərbaycan Evinin birgə təşkilatlatçılığı ilə keçirilib.
Əvvəlcə M.K.Atatürk, Ümummilli Lider Heydər Əliyevin, iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib, sonra dövlət himləri səsləndirilib.
Tədbirin rəsmi hissəsində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, İğdır valisi Ercan Turan, Qars Bələdiyyəsinin sədri professor, Ötüken Senger, ölkəmizin Qars şəhərindəki Baş Konsulu Zamin Əliyev konsert proqramlarının Şərqi Anadolu bölgəsində keçirilməsinin əhəmiyyətindən, Türkiyə-Azərbaycan münasibətlərinin daha da dərinləşməsindəki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səylərindən söhbət açıblar. Natiqlər 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, işğala son qoyulduğunu qeyd ediblər. Ölkə başçısının müvafiq Sərəncamını xatırladaraq sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilldiyini diqqətə çatdırıblar.
Konsert proqramında Azərbaycan Respublikasının incəsənət ustaları və İğdır valiliyinin rəqs kollektivi iştirak edib. Azərbaycan Respublikasının Xalq artisti Əlixan Səmədov balabanda sevilən xalq və bəstəkar mahnılarını, özünün bəstələdiyi musiqiləri ifa edib. Tanınmış tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə muğam qrupunun müşayiəti ilə tanınmış xanəndə, Azərbaycan Dövlət Filarmoniyasının solisti Rəvanə Qurbanovanın ifasında Azərbaycan muğamının könül oxşayan nümunələri, xalq və bəstəkar mahnıları səslənib. Azərbaycan və Türkiydə məşhur olan “Xudayar təsnifi” və “Çırpınırdı Qara dəniz” mahnısı rəğbət və alqışlarla qarşılanıb.
Konsert proqramında Bakı Milli Geyim Evinin direktoru, modelyer Könül Vəlibəylinin kolleksiyasından Azərbaycan milli geyimləri nümayiş olunub.
Konsert proqramının aparıcısı İstanbul Universitetinin doktorantı, TRT TÜRKÜ radiosunda yayımlanan “Azərbaycan Rüzgarı” proqramının müəllifi və aparıcısı Səidə Ömər Azərbaycan şairlərinin şeirlərini ifa edib. Xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeiri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

1600 1066 TADEF