İzmirdə Ulu Öndər Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü İzmirdə iki günlük anım proqramı ilə qeyd edildi. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirlər həm geniş iştirak, həm də duyğulu anlarla yadda qaldı.

Proqramın ilk günü Karşıyakadakı Heydər Əliyev parkında rəsmi anım mərasimi keçirildi. Büstə gül və əklillər qoyuldu, bir dəqiqəlik sükut elan olundu, Azərbaycan və Türkiyə himnləri səsləndirildi. Karşıyaka Bələdiyyəsinin dəstəyi ilə təşkil olunan mərasimdə federasiya rəhbərliyi, diaspor təşkilatları, siyasətçi və akademiklər iştirak etdilər. Çıxışlarda Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı olması və Azərbaycan–Türkiyə qardaşlığını strateji səviyyəyə yüksəltməsi xüsusi vurğulandı.

İkinci gün isə daha mənəvi atmosferdə davam etdi — dualar oxundu, ehsan verildi və Heydər Əliyevin siyasi irsi haqqında geniş çıxışlar edildi. Federasiyamızın sədr müavini Pərviz Məmmədzadə onun müstəqil Azərbaycanın banisi olduğunu qeyd etdi. Dərnək sədri Əşrəf Tuna Heydər Əliyevin uzaqgörən siyasətinin bu günkü Azərbaycanın gücündə böyük rol oynadığını bildirdi.

Professor Əmrullah Məmmədov Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək onun Qarabağ məsələsində sərgilədiyi prinsipial mövqeni xatırlatdı və 1970-ci illərdə Türkiyəyə verdiyi dəstəyi vurğuladı. Professor Gülmira Kuroğlu isə Heydər Əliyevin yalnız Azərbaycan deyil, bütün Türk dünyası üçün yol göstərən lider olduğunu qeyd etdi. Digər çıxışçılar da onun dövlətçilik irsinin gələcək nəsillər üçün böyük əhəmiyyət daşıdığını vurğuladılar.

Tədbirlərin aparıcısı sənətçi Roza İbadova Kocamaz Heydər Əliyevin sevdiyi şeirləri səsləndirərək mərasimə emosional rəng qatdı. Sonda liderin həyat və fəaliyyətindən bəhs edən qısa film nümayiş olundu, ardınca “Küçələrə su səpmişəm” mahnısı iştirakçılar tərəfindən birgə oxundu.

1330 698 TADEF