Yeni tədris ilinin başlaması münasibətilə İstanbul şəhərində yaşayan aztəminatlı soydaşlarımızın 300 övladına məktəbli dəsti təqdim edilib.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan mərasimdə Türkiyə ictimaiyyətinin nümayəndələri, valideynlər və uşaqlar iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev məktəbliləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və onlara yeni dərs ilində müvəffəqiyyətlər arzulayıb.
Komitə sədrinin müavini ,eyni zamanda, soydaşlarımızı Azərbaycan həqiqətləri, xüsusilə də Qarabağ kimi həssas mövzlarla bağlı övladlarını daim məlumatlandırmağa, onları yüksək vətənpərvərlik ruhunda yetişdirməyə dəvət edib.
Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TADEF İdarə heyətinin sədri Ədalət Turan və sədr müavini Pərviz Məmmədzadə bu təbriklərə qoşulublar.
Valideynlər övladlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkür ediblər.