29.10.2024 tarixində, Yıldız Texnik Universiteti Azərbaycan Topluluğu və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) dəstəyi ilə İstanbulda azərbaycanlı tələbələr arasında 44 günlük Vətən müharibəsinin 4-cü ildönümünə həsr olunmuş futbol turniri təşkil edilib.
Turnirin açılış mərasimində Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib və hər iki ölkənin şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib. Açılışda TADEF sədri Adalet Turan və federasiyanın müşaviri Pərviz Məmmədzadə çıxış edərək turnirin əsas məqsədinin tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrinə, vətənpərvərlik ruhunda yetişmələrinə dəstək olmaq olduğunu bildiriblər.
Turnirdə iştirak edən komandalar işğaldan azad edilmiş ərazilərimizin şərəfinə “Xocavənd”, “Xocalı”, “Xankəndi”, “Zəngilan”, “Cəbrayıl”, “Ağdam”, “Laçın”, “Şuşa” və “Füzuli” adları ilə yarışa qatılıb. İlk görüş isə “Xankəndi” və “Füzuli” komandaları arasında keçirilib.
Turnirin final oyunu 8 Noyabr – Zəfər Günündə baş tutub. Həlledici qarşılaşmada “Şuşa” və “Xocavənd” komandaları üz-üzə gəlib və bu həyəcanlı mübarizədə “Xocavənd” komandası qələbə qazanaraq çempionluq kubokunu əldə edib. Final qarşılaşmasından əvvəl 8 Noyabr Zəfər Gününün şərəfinə yenidən Türkiyənin İstiklal Marşı və Azərbaycan Dövlət Himni səsləndirilib.
Turnirin sonunda çempion olan “Xocavənd” komandasına TADEF tərəfindən “Zəfər” kuboku təqdim olunub, digər komandalar isə sertifikatlarla mükafatlandırılıb. Bu tədbir tələbələrin həm birlikdə gözəl vaxt keçirməsinə, həm də vətənpərvərlik dəyərlərinin gənclərə aşılanmasına xidmət edib.