Türkiyəyə səfər çərçivəsində sentyabrın 14-də Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) sədrinin birinci müavini Valeh Hacıyev İstanbul valisi Davut Gül ilə görüşüb.
Qonağı salamlayan İstanbul valisi ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluqla danışıb. Vali vəzifəsinə təyin olunması münasibətilə D.Gülü təbrik edən Komitə sədrinin birinci müavini ona fəaliyyətində uğurlar arzulayıb.
Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması ilə davam edib. 1990-cı illərdən etibarən İstanbul şəhərində qeyri-rəsmi məskunlaşmış azərbaycanlı miqrantların və onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinin problemlərinə diqqət çəkilib, bu istiqamətdə indiyədək görülmüş işlərlə bağlı məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi tədbirlər planının icrası ilə Diasporla İş üzrə Dövlət Komitəsinin də təmsil olunduğu İşçi Qrupun 2022–2023-cü illər ərzində Türkiyəyə beş səfəri həyata keçirilib. Səfərlər çərçivəsində ümumilikdə 5000-ə yaxın müraciətə baxılıb və müraciətlərin müvafiq qaydada təmin olunması üçün addımlar atılıb. 22 sentyabr – 4 oktyabr 2023-cü il tarixində İşçi Qrupun İstanbula altıncı səfərinin baş tutacağı, yeni hazır sənədlərin paylanması və müraciətlər üzrə müsahibələrin həyata keçiriləcəyi vurğulanıb.
Görüş zamanı nəzərə çatdırılan mövcud problemlərin həlli ilə bağlı bundan sonra da Türkiyənin müvafiq qurumları və İşçi Qrupu arasında birgə fəaliyyətin koordinasiya edilməsi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə sıx əməkdaşlıq haqqında razılq əldə olunub.
Vali öz növbəsində bildirib ki, sözügedən əhali qrupunun problemləri diqqət mərkəzində saxlanılır. O, mümkün dəstək adımlarının bundan sonra da atılacağı məsələsində qərarlı olduğunu bildirib.
Görüş xatirə hədiyyələrinin təqdim olunması ilə yekunlaşıb.
Görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası İdarə Heyətinin sədri Ədalət Turan və sədrin müşaviri Pərviz Məmmədzadə iştirak edib.
İstanbul valisi ilə keçirilmiş görüşün nəticələrinə uyğun olaraq sentyabrın 15-də Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası İdarə Heyətinin sədrinin müşaviri Pərviz Məmmədzadə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Miqrasiya Baş İdarəsinin İstanbul şəhər Miqrasiya idarəsinin müdiri Fatih Ayna ilə görüşüb. Görüşdə qeyri-rəsmi məskunlaşmış azərbaycanlı miqrantların problemləri və onların həlli istiqamətində birgə səylərin artırılması və konkret birgə koordinasiyanın həyata keçirilməsi müzakirə olunub.
Qeyd edək ki, DİDK sədrinin birinci müavini İstanbul şəhərində keçirilən Dünya Türk İş Şurasının X Qurultayında iştirak etmək məqsədilə qardaş ölkədə səfərdədir.