Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin İstanbulda ilk iclası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyası və Azərbaycanlı Elm Adamları Dərnəyinin birgə təşkil etdiyi toplantıda qardaş ölkədə fəaliyyət göstərən alimlərimizin təşkilatlanması, Vətənlə əlaqələrinin yüksək səviyyədə qurulması və ölkəmizin uğurlrının, ədalətli mövqeyinin xarici aləmə daha geniş çatdırılması kimi məsələlər diqqət mərkəzində olub.
Məclisdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanlı Elm Adamları Dərnəyinin sədri, Türkiyənin Bilkent Universitetinin professoru Əmirulla Məmmədov, Türkiyə parlamentinin müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Ədalət Turan, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdət Həsənov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Qarabağ Universitetinin Elm şöbəsinin müdiri Elçin İbrahimov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Rövnəq Rzayev qardaş ölkədə yaşayıb-çalışan elmi ziyalıların qarşıya qoyduğu məramın müzakirə edilən məsələlərlə bağlı mülahizə və təkliflərini bildiriblər, quruma nəcib fəaliyyətində uğurlar arzulayıblar.
Müxtəlif ölkələrdə yaşayan alimlərimizin bu dərnəyə qoşulmasının qurumun gələcək fəaliyyətinə verə biləcəyi töhfələrdən danışan natiqlər bildiriblər ki, dünyanın hər bir bölgəsində azərbaycanlı elm adamlarına, eləcə də mədəniyyət xadimlərinə və həkimlərə rast gəlmək olar və bu insanlar öz sahələri üzrə müəyyən zirvəyə çatmış şəxsiyyətlərdir.
Qeyd edilib ki, dünyaşöhrətli bu insanların ilk elm ocağının məhz Azərbaycan olması sevindirici haldır. Son 30 il ərzində Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə toxunan çıxışçılar 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz şanlı Zəfəri xatırladıblar.
Bildirilib ki, bəzi mənfur qüvvələr ölkəmizi davamlı olaraq informasiya cəbhəsində hədəfə alır. Sonuncu bədnam kampaniya COP29-un Azərbaycanda keçirilməsinə maneə törətmək məqsədilə daha geniş miqyas və kəskin xarakter aldı. Bütün bunlara baxmayaraq, Azərbaycan ən yüksək səviyyədə COP29-a evsahibliyi edərək bir daha öz siyasi, mədəni, bəşəri gücünü dünyaya nümayiş etdirdi.
2 gün davam edən iclasda Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin növbəti toplantılarından birinin Bakı Dövlət Universitetində təşkili, alimlərin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlığı, universitetlərin gələcək dayanıqlılığının artırılması istiqamətində birgə fəaliyyəti, ortaq seminarların, layihələrin təşkili məsələləri müzakirə olunub.
Toplantı barədə XQ-yə açıqlama verən Azərbaycanlı Elm Adamları Dərnəyinin sədri, Türkiyənin Bilkent Universitetinin professoru Əmirulla Məmmədov bildirdi:
– Yeni diaspor qurumu Azərbaycanın elm və təhsil sahəsindəki inkişafına töhfə vermək məqsədilə 2024-cü ilin aprel ayında İstanbulda qurulub. Dərnək Qarabağ Zəfərindən sonra Azərbaycanda həyata keçirilən inkişaf proseslərinə xüsusi diqqət yetirmək və bu proseslərin bir hissəsi olaraq elm və təhsil sahəsində keyfiyyətli və davamlı inkişafı təmin etməkdir.
Bu məqsədlə dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərə magistr və doktorantura proqramlarına daxil olmağa kömək edəcək bir “bilik bankı” yaratmaq nəzərdə tutulub. Bu, gənclərin elm dünyasında irəliləməsi və daha yüksək təhsil səviyyəsinə çatması üçün bir platforma olacaq. Bundan əlavə, dərnək gənclərin dünya üzrə məşhur elm adamları ilə tanışlığını təmin etməyə, onların təcrübə və biliklərindən faydalanmağa da imkan yaradacaq. Elm adamları ilə birbaşa ünsiyyət qurmaq gənclərin daha geniş bir perspektivə sahib olmalarını və elm sahəsində yeni nailiyyətlər əldə etmələrini təmin edəcək.
Dərnək bu əlaqələri ilə həm Azərbaycanın elm və təhsil sahəsindəki inkişafına dəstək olmağı, həm də gənclərin beynəlxalq arenada daha güclü mövqe tutmalarını qarşıya məqsəd qoyub. Eyni zamanda, elm və təhsil sahəsində əməkdaşlığı gücləndirməyi, təhsil sistemini müasir standartlara uyğunlaşdırmağı və elmi tədqiqatların inkişafını təşviq etmək üçün müxtəlif layihələr həyata keçirməyi planlaşdırırıq. Azərbaycanın elm və təhsil sahəsindəki mövqeyini möhkəmləndirmək və dünyadakı elmi əməkdaşlıq şəbəkələrinə qoşulmaq üçün mühüm layihələri həyata keçirmək niyyətindəyik.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov isə toplantı haqqında təəsüratlarını belə ifadə etdi:
– Türkiyə həm strateji tərəfdaş, həm də qardaş ölkə olaraq, azərbaycanlıların ən çox fəaliyyət göstərdiyi ölkədir. Türkiyənin ali təhsil müəssisələrində çalışan azərbaycanlı elm adamları elmi inkişaf və tədqiqat sahəsindəki müstəsna töhfələri ilə diqqət çəkirlər. Onların elmi nailiyyətləri həmişə qardaş ölkədə yüksək qiymətləndirilmiş və özünəməxsus əhəmiyyətə malik olmuşdur. Bu baxımdan Azərbaycan və Türkiyə arasında təhsil və elm sahəsindəki əməkdaşlığı da qarşısına əsas hədəflərdən biri kimi qoyan yeni qurum və onun gələçəyə hesablanan planları böyük əhəmiyyət kəsb edir.
Azərbaycanlı Elm Adamları Dərnəyinin fəaliyyəti 2 qardaş ölkə arasındakı əməkdaşlığı daha da dərinləşdirərək, elmi tədqiqatların inkişafına, yeni kəşflərin həyata keçirilməsinə və işgüzar mühitin daha da yaxşılaşdırılmasına xidmət edir. Dünyanın müxtəlif guşələrində azərbaycanlı elm adamları, mədəniyyət xadimləri fəaliyyət göstərir və onlar öz sahələrində mühüm nailiyyətlər əldə etmiş şəxsiyyətlərdir. Hər bir bölgədə bu insanlar öz bacarıq və bilikləri ilə tanınır, müxtəlif sahələrdə irəliləyişlərə imza atırlar. Bir çox ölkələrdə fəaliyyət göstərən alimlərimizin ABİD kimi təşkilatlara qatılmasının həm ölkəmizin, həm də təşkilatın gələcək inkişafına əhəmiyyətli töhfələr verəcəyinə inanıram.
Qarabağ Universitetinin elm şöbəsinin rəhbəri Elçin İbrahimov iclasla bağlı dedi:
– Türkiyədəki alimlərimizin Qarabağ Universitetində onlayn seminarların, ustad dərslərinin təşkili, onların bu ali təhsil müəssisəsinə qısa və ya uzun müddətə ezam olunmaları vacibdir. Toplantıda ikili diplom proqramları, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası tərəfindən dəstəklənən layihələrin icrasında Türkiyədəki alimlərimizlə əməkdaşlıq, Türkiyə və Azərbaycan universitetlərində ikili diplomların verilməsi, eləcə də Qarabağ Universitetində nəşr olunacaq elmi jurnalların həm də redaksiya heyətində təmsil olunmaları kimi məqamlar ətrafında fikir mübadilələri aparıldı.
Gündəmdə olan digər məsələlər isə Qarabağ Universitetində açılan və gələcəkdə açılacaq laboratoriyaların quruluşu və fəaliyyətində, dərsliklərin və dərs proqramlarının hazırlanmasında Türkiyənin ali təhsil müəssisələrində çalışan elm adamlarımızın təcrübələrindən faydalanmaq, birgə elmi seminarlar keçirməkdir. Bütün bu məqamları nəzərə alsaq İstanbulda təşkil olunan bu görüş çox faydalı oldu.