27 Sentyabr – Anım Günü -Kahramanmaraş

27 Sentyabr – Anım Günü münasibətilə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), Kahramanmaraş Sütçü İmam Universiteti və Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi tərəfindən anım tədbiri təşkil olunub. Kahramanmaraş Sütçü İmam Universitetində keçirilən tədbirdə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, onların fədakarlığı vurğulanıb. Çıxışlarda “Bir millət, iki dövlət” prinsipi bir daha önə çəkilib və Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyi qeyd olunub.
Səfər çərçivəsində nümayəndələr Kahramanmaraş valisi cənab Mükerrem Ünlüer, Böyükşəhər Bələdiyyəsinin sədri cənab Fırat Görgel və Sütçü İmam Universitetinin rektoru professor Alptekin Yasım ilə də görüşlər keçiriblər. Görüşlərdə nümayəndə heyətinin səfəri yüksək dəyərləndirilib, xüsusilə Kahramanmaraş zəlzələsi zamanı ölkəmizin göstərdiyi qardaşlıq dəstəyi minnətdarlıqla xatırlanıb.
Tərəflər Azərbaycan və Türkiyənin bütün dövrlərdə bir-birinin yanında olduğunu vurğulayaraq, iki ölkə arasındakı münasibətlərin sarsılmaz dostluq və qardaşlıq üzərində qurulduğunu bildiriblər. Xüsusilə bu ilin iyun ayında Kahramanmaraşda Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan” məhəlləsinin, Heydər Əliyev adına məktəbin açılışı və Azərbaycan Mədəniyyət Mərkəzinin təməlqoyma mərasimlərinin keçirilməsi bu münasibətlərin bariz nümunəsi kimi dəyərləndirilib.
Tədbir və görüşlərdə Milli Məclisin deputatı, professor Vasif Qafarov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Xalq artisti Samir Cəfərov, Federasiyamızın sədrinin müşaviri Pərviz Məmmədzadə, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür, Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl, dosent Mərziyyə Məmmədli, müəllim Həmran Əmirli və digər şəxslər iştirak ediblər.
Tədbir Xalq artisti Samir Cəfərovun ifasında səslənən həzin mahnılarla xüsusi bir mənəvi rəng qataraq başa çatmışdır.

1600 1066 TADEF